“Qadın İntellekti: Biznes və Sənət Bir Arada”

“Qadın İntellekti: Biznes və Sənət Bir Arada”

“Qadın İntellekti: Biznes və Sənət Bir Arada” adlı layihə Cəlilabad şəhər Ak. Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin 7 və 8-ci siniflərindən seçilmiş 30 nəfər qız şagirdin iştirakı ilə həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi qız şagirdlərdə yaradıcılıq bacarıqlarını, əl sənətləri üzrə praktiki bilikləri və sahibkarlıq düşüncəsini inkişaf etdirmək, eyni zamanda onların iqtisadi müstəqillik və sosial fəallıq səviyyəsini artırmaqdır.Müasir dövrdə təhsilin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərdə praktik bacarıqların formalaşdırılması və peşə yönümünün gücləndirilməsidir. Xüsusilə regionlarda, qız uşaqlarının bu sahədə maarifləndirilməsi və dəstəklənməsi vacib əhəmiyyət kəsb edir. Layihə məhz bu istiqamətdə – məktəb mühitində innovativ və praktik tədris modelinin tətbiqinə xidmət edəcək.Layihə çərçivəsində 16 həftəlik (ümumilikdə 96 saatlıq) təlim proqramı təşkil olunacaq. Təlimlər dekorativ sənətkarlıq, tikiş və toxuculuq, qablaşdırma və xonça sənəti, ekoloji əl işləri və təkrar emal, habelə sahibkarlıq, maliyyə savadlılığı və marketinq prinsipləri mövzularını əhatə edəcək. Bundan əlavə, qadın sahibkarlarla görüşlər və ustad dərsləri vasitəsilə şagirdlərə real biznes təcrübəsi qazandırılacaq.Layihənin sonunda iştirakçılar öz əl işlərini təqdim edəcək, biznes plan tərtib etməyi öyrənəcək və istehsal etdikləri məhsulları bazara çıxarma bacarığına yiyələnəcəklər. Beləliklə, bu təşəbbüs qızların yaradıcılıq potensialının üzə çıxmasına, müstəqil qərarvermə və liderlik qabiliyyətlərinin formalaşmasına şərait yaradacaq.Layihənin həyata keçirilməsi nəticəsində məktəbdə əl sənətləri və sahibkarlıq mədəniyyətinə maraq artacaq, gələcəkdə bu sahələrin tədris prosesinə inteqrasiyası üçün baza formalaşacaq. Həmçinin, layihə regionda qadınların iqtisadi fəallığının artırılmasına və gender bərabərliyinin təşviqinə töhfə verəcək.