Cəlilabad rayonu Ş.Nəzərov adına Ocaqlı kənd 1saylı tam orta ümumi təhsil məktəbində "Kimyada İnnovativ Öyrənmə" layihəsinin tətbiqinə başlanıldı

Cəlilabad rayonu Ocaqlı kənd Ş.Nəzərov adına 1saylı tam orta ümumtəhsil məktəbinin kimya və biologiya müəllimi Gündüz Gülməmmədzadənin " Kimyada İnnovativ Öyrənmə-Simulyasiyalar" Layihəsi Elm və Təhsil nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə lX qrant müsabiqəsinin qalibi olmuşdur.
Açılış tədbiri 03.10.2025 tarixində keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi , müəllimlər , layihədə maraqlı olan və gələcəkdə kimya sahəsində mütəxəssis kimi yetişmək istəyən gənclər iştirak etmişlər.
Tədbir Azərbaycan respublikasının dövlət himni və şəhidlərimizin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Layihə haqqında məlumat verilib. Layihə rəhbərinin, məktəb rəhbərliyinin, müəllimlərin və tədbir haqqında fikirləri dinlənilib.
Layihənin məqsədi : Müasir dövrdə kimya fənninin tədrisində ənənəvi metodlarla yanaşı, innovativ yanaşmaların tətbiqi zəruridir.
Ənənəvi laboratoriya dərslərinin məhdud imkanları səbəbindən şagirdlər hər zaman eksperimentlər apara bilmirlər. Bu isə onların praktik biliklərinin zəif formalaşmasına gətirib çıxarır. Reaktivlərin, cihazların və laboratoriya avadanlıqlarının çatışmazlığı da real eksperimentlərin keçirilməsini məhdudlaşdırır. Bundan əlavə, bəzi kimyəvi reaksiyalar təhlükəli olduğundan məktəblərdə həyata keçirilməsi mümkün olmur.Bu problemlərin həlli üçün simulyasiyalar müasir və effektiv bir vasitədir. Simulyasiya proqramları vasitəsilə şagirdlər istənilən vaxt və məkan məhdudiyyəti olmadan təcrübələr apara bilərlər. PhET, ChemCollective, Molecular Workbench, Merlot və Labster kimi platformalar şagirdlərə kimyəvi reaksiyaları interaktiv şəkildə müşahidə etmək və öz təcrübələrini aparmaq imkanı yaradır. Bu cür proqramlar şagirdlərin kimyəvi anlayışları daha yaxşı qavramasına, bilikləri praktiki tətbiq etməsinə və kimya fənninə olan maraqlarının artmasına kömək edə bilər. Eyni zamanda, simulyasiyalar eksperimentlərin təhlükəsiz şəraitdə aparılmasını təmin edir və real laboratoriya şəraitində edilən səhvləri minimuma endirir. Virtual təcrübələr sayəsində şagirdlər reaktivlərdən səmərəli istifadə qaydalarını öyrənir və müxtəlif kimyəvi reaksiyaların nəticələrini əvvəlcədən modelləşdirə bilirlər.
Layihənin sonunda şagirdlərin kimya fənninə olan marağının artması, praktik biliklərinin güclənməsi və analitik düşünmə bacarıqlarının inkişaf etməsi gözlənilir. Bu yanaşma kimya dərslərinin daha interaktiv və əyləncəli olmasına, həmçinin şagirdlərin gələcəkdə STEM sahəsinə maraq göstərməsinə kömək edəcək.