Cəlilabadda yüzlərlə tibb işçisi çıxılmaz vəziyyətdə
Cəlilabadda tibb işçilərinin maaş problemi: 200-dən çox əməkdaş çətin vəziyyətdə
TarTv.Az xəbər verir ki Cəlilabad rayonunda fəaliyyət göstərən Cəlilabad Mərkəzi Xəstəxanası və ona bağlı diaqnostika mərkəzinin əməkdaşları ciddi sosial problemlə üzləşiblər. Belə ki, müəssisədə çalışan 200-dən çox işçinin əməkhaqqının artıq iki aya yaxındır gecikdiyi bildirilir.
Məlumata görə, maaşların verilməsində yaranan gecikmə işçilərin gündəlik dolanışığına və bank öhdəliklərini yerinə yetirməsinə ciddi təsir göstərir. Bir çox əməkdaş kredit borclarını ödəməkdə çətinlik çəkdiyini qeyd edir.
İşçilərin sözlərinə görə, bu cür hallar son dövrlərdə daha tez-tez müşahidə olunur və xüsusilə yeni rəhbərlik təyin olunduqdan sonra problemlər daha da artıb. Bununla belə, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıq və ətraflı izahat verilməyib.
Qeyd olunur ki, maaşların gecikməsi təkcə bir şöbəni deyil, həm xəstəxananın, həm də diaqnostika mərkəzinin müxtəlif sahələrində çalışan əməkdaşları əhatə edir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən rəsmi mövqe hələlik açıqlanmayıb.
Əməkdaşlar aidiyyəti qurumlardan problemin qısa zamanda həll olunmasını və gecikmiş maaşların ödənilməsini gözlədiklərini bildirirlər
Admin