Saytımız tərəfindən işıqlandırılan problem həll olunub

Saytımız tərəfindən işıqlandırılan problem həll olunub

Tartv.az-ın işıqlandırdığı məsələ öz həllini tapdı

Bir müddət əvvəl Cəlilabad rayonunun Sadatlı kənd sakinləri kənddaxili yolların bərbad vəziyyətdə olması ilə bağlı redaksiyamıza müraciət etmişdilər. Sakinlər xüsusilə yağışlı havalarda yollarda hərəkətin çətinləşdiyini, nəqliyyat vasitələrinin və piyadaların ciddi problemlərlə üzləşdiyini bildirirdilər.

Müraciətdən sonra Tartv.az əməkdaşları əraziyə gedərək mövcud vəziyyəti yerində araşdırmış və məsələ ictimailəşdirilmişdi. Bununla yanaşı, problemlə bağlı Cəlilabad bələdiyyəsi ilə də əlaqə saxlanılmışdı. Bələdiyyə tərəfindən kənd yollarında təmir işlərinin qısa müddətdə həyata keçiriləcəyi bildirilmişdi.

Artıq bir neçə gündür ki, Sadatlı kəndində Cəlilabad bələdiyyəsi tərəfindən kənddaxili yollarda təmir və hamarlama işləri aparılır. Əraziyə xüsusi texnikalar cəlb olunub, yolların yararsız hissələrinin bərpası istiqamətində işlər davam etdirilir.

Kənd sakinləri problemin işıqlandırılmasına və məsələnin həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Sakinlərin sözlərinə görə, görülən işlər kənddə nəqliyyatın hərəkətini xeyli rahatlaşdıracaq.

Qeyd edək ki, Tartv.az bölgələrdə mövcud problemlərin işıqlandırılması və ictimai əhəmiyyət daşıyan məsələlərin diqqətdə saxlanılması istiqamətində fəaliyyətini davam etdirir.