Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev və Konstitusiyamız: Müstəqil Azərbaycanın Hüquqi Təməli” layihəsi çərçivəsində növbəti tədbir Salyan rayonunda baş tutub.
Tədbirdə layihə rəhbəri Ülvi Həzizadə çıxış edərək layihənin əsas məqsədinin gənclər arasında Konstitusiya dəyərlərinin təbliği, hüquqi biliklərin artırılması və dövlətçilik ənənələrinin qorunması olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik ideologiyası müasir Azərbaycanın hüquqi əsaslarının möhkəmlənməsində mühüm rol oynayıb və bu irsin gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Sonra çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilatların və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov gənclərin hüquqi biliklərinin artırılmasının və onların dövlətçilik prinsiplərinə sadiq ruhda formalaşdırılmasının vacibliyini qeyd edib. O, bu cür maarifləndirici layihələrin region gənclərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
YAP Salyan Rayon Təşkilatının sədr müavini Aqşin Babayev çıxışında Konstitusiyanın müstəqil dövlət quruculuğunda əsas hüquqi sənəd kimi əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, Konstitusiya yalnız hüquqi norma toplusu deyil, eyni zamanda milli həmrəyliyin və sabitliyin təminatıdır.
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyeva çıxışında Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin və hüquqi islahatlarının müasir Azərbaycan cəmiyyətinin formalaşmasında xüsusi yer tutduğunu qeyd edib. O, gənclərin bu irsi dərindən öyrənməsinin əhəmiyyətini vurğulayıb.
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan Rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Əlişir Əliyev isə çıxışında gənclərin ictimai fəallığının artırılması, onların hüquqi maarifləndirilməsi və dövlət dəstəyi proqramlarından səmərəli istifadə etmələrinin vacibliyindən danışıb.
Təlimçi İsmayıl Ağacanlı isə Konstitusiya və hüquqi maarifləndirmə istiqamətində gənclərlə aparılan işlərin vacibliyindən danışıb.
Bildirək ki, tədbir Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, Salyan Rayonu üzrə Gənclər və İdman Sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan -Salyan regional nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə ümumilikdə 100 nəfər yeniyetmə və gənc iştirak edib, proqramın sonunda iştirakçılar sertifikatla təltif olunublar.
Layihə gənclərin hüquqi biliklərinin artırılması, Konstitusiya dəyərlərinin təbliği və dövlətçilik ideyalarının gənc nəsil arasında təşviqinə mühüm töhfə verməkdədir.