Cəlilabad şəhər 4 saylı məktəbin direktoru: "Bıçaqlanan şagird 2 gün idi ki, dərsə gəlmirdi"

Cəlilabad şəhər 4 saylı məktəbin direktoru: "Bıçaqlanan şagird 2 gün idi ki, dərsə gəlmirdi"

Cəlilabad rayonunda 4 saylı şəhər məktəbinin şagirdi digər məktəbli tərəfindən bıçaqlanıb.

Sözügedən məktəbin direktoru Sənubər Quliyevin verdiyi məlumata görə, bıçaqlanan 2008-ci il təvəllüdlü şagird xəstə olduğu üçün 2 gün idi ki, dərsə gəlmirdi.

Direktorun dediyinə görə, həmin şagirdlər bir-biri ilə dost olublar:

"Mən və kollektiv xəstəxanada yaralı şagirdimizə baş çəkmişik. Hazırda o, reanimasiya şöbəsində müalicə olunur. Hadisə olan günü dərs olmayıb."

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad şəhəri Vaqif küçəsində qeydə alınıb. Belə ki, Təcili tibbi yardım briqadasına küçədə yıxılıb qalan şəxs haqqında məlumat verilib. Təcili tibbi yardım avtomobili ilə yeniyetmə 2008-cı il təvəllüdlü H.B ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub. 

Aparılan araşdırmalarla həmin xəsarətlərin ona Cəlilabad şəhəri ərazisində digər bir məktəbli tərəfindən yetirildiyi müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin azyaşlıya kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü digər bir məktəbli müəyyən edilərək saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məktəblilər Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinfinin paralel şagirdləridir.